Ana Olduqdan Sonra Qarnınız Sallanır?

10.11.2019

Artıq çəki problemi bütün dünyada olduğu kimi ölkəmizdə də aktualdır. İstər kişi olsun istər qadın, istər yaşlı olsun istər uşaq bu problemdən əziyyət çəkən insanların sayı az deyil. Həkimlər, dietoloqlar sağlam qidalanma mütəxəsissləri artıq çəkinin əsas səbəblərini düzgün qidalanmama və hərəkətsizlik olduğunu bildirirlər. Mütəxəssislərin sözlərinə görə, bu amilləri aradan qaldırmaqla istənilən bədən quruluşuna sahib olmaq çətin deyil. Sağlam ərzaqlarla qidalanaraq və aktiv həyat tərzinə keçərək artıq çəkidən azad olmaq asandır. Lakin bəzən elə olur ki, insan ümumi çəki atsa da əsasən qadınlarda qarın nahiyə iri qalır və ya sallanır. Bu əsasən də dünyaya övlad gətirən qadınlarda daha tez-tez rast gəlinir. Həkimlərin təbirincə “fartuk”adlanan bu cür qarın forması insanda bir sıra narahatlıqlar yaradır və estetik cəhətdən də xoş görünmür. Bəs görəsən heç bir vəchlə əriməyən və ya ərisə də belə sallanan qarından necə yaxa qurtarmaq olar? Düz bir qarına sahib olmaq üçün nələr etmək tələb olunur?
1Arada.az-ın suallarını sağlam qidalanma və düzgün həyat tərzi üzrə beynəlxalq təlimçi, yaşam koçu Məhsəti Hüseynova cavablandırıb:


Bir çox insanlar, əsasən də qadınlar ana olduqdan və ya kökəlib arıqladıqdan sonra rahatlıqla çəki versələr də, qarın nahiyəsi sallanaraq xoşagəlməz görüntü yaradır. Bu problem aradan qaldırmaq üçün həm pəhriz, həm də idman vacib şərtdir. Bu zaman həm də əhəmiyyətli olan qadının axrıncı dəfə ana olduğu müddətdən ən az 3 il vaxtın keçməsidir. Çünki doğuşdan sonra 3 il müddətində qadının orqanizmi bərpa olunur. Bundan başqa bu zaman bədən quruluşu da əhəmiyyət daşıyır. Belə ki, uzun boylu insanlarda qarın sallanması çox olmur. Amma artıq “fartuk” əmələ gəlib və qadının ana olmasının üzərindən 3 il vaxt keçibsə, o zaman onu kompleks şəkildə qidalanma və idman vasitəsilə aradan qaldırmaq mümkündür. Əgər qarnından azad olmaq istəyən insanın daxili orqanlarında ciddi bir problem və ya qarın yırtığı yoxdursa o zaman onun istəyini həyata keçirmək mümkündür. Bunun üçün vaxtın və ya insanın yaşının heç bir əhəmiyyəti yoxdur.
Qarın piylərinin əridilməsi erkən yaşlarda daha uğurla həyata keçirilir və istənilən nəticə əldə edilə bilinir. İnsanın yaşı artdıqca bu proses bir qədər çətinləşir. Amma mümkünsüz də deyil. Bu zaman qida rasionundan bir çox piy əmələ gətirən qidalar çıxararaq əvəzinə piy əridən qidaları daxil edərək müsbət nəticə əldə edilir. Qarın piyləri əridildikdən sonra qarın
əzələlərinin bərkidilməsi məqsədilə bəzi qarın gimnastikaları həyata keçirilir.
Həmçinin də hamiləlik zamanı qarın əzələləri dartılır, bir birindən aralanır və dəridə çatlar əmələ gəlir. Nəticədə doğuşdan sonra qadınlarda qarın nahiyədə yerləşən əzələlər sallanır. Əlbəttəki, bu hər bir insanda fərqli olur. Səbəbi isə orqanizmin ən böyük orqanı hesab edilən dərinin fərqli quruluşa və elastikliyə malik olmasıdır. Bəzi qadınlarda qarın əzələsi doğuşdan dərhal sonra geriyə qayıdaraq normaya düşsə də bir çoxlarında bu baş vermir. Sözü gedən problemin yaranmaması üçün hamilə xanımlar yaxşı olardı ki, hamiləlikdən əvvəl həm sağlamlıq, həm də gözəl xarici görünüşə malik olmaq üçün idmanla məşğul olsunlar ki, dəri əvvəldən elastiklik əldə etsin. Belə olduqda hamiləlik zamanı dərinin çatlama və sallanması halı ilə daha az qarşılaşmış olarlar. Həmçinin də dərisi quru olan xanımlar da bu problemlər daha çox yaşandığı üçün yaxşı olardı ki, 9 ay müddətində gündə iki dəfə olmaqla və hər duş qəbulundan sonra dərini təbii yağlarla nəmləndirsinlər. Bu məqsədlə tətbiq edilən jojoba və badam yağı çox yaxşı nəticə verir. Gündə iki dəfə xanımlar qarın, çanaq, bud, qol və s. nahiyələri bu yağlarla masaj edərək nəmləndirsələr sonradan sallanma və çat problemi də yaşamayacaqlar. Bu yağlar dərinin məsamələrini tutmur və onun nəfəs almasını təmin edir.
Həmçinin də gün ərzində ən az 6-7 növ meyvə-tərəvəz yemək də dəriyə yaxşı təsir göstərir. Amma bu zaman həmin meyvə-tərəvəzlərin mövsümi olmasına diqqət yetirilməlidir. Bundan əlavə gündə 8 stəkan su içilməlidir. Yaxşı olardı ki, krant suyundan deyil qablaşdırılmış sulardan istifadə edilsin. Çünki krant suyunun tərkibində olan mikroorqanizmləri məhv etmək məqsədilə ona bir sıra kimyəvi maddələr vurulur. Bu maddələr isə bağırsaqlarda bir sıra problemlər yaradır. Buna görə də hamiləlik müddəti boyunca krant suyundan içmək üçün istifadə edilməsə yaxşı olar.


hamiləlik sağlamlıq