Bayram süfrəsi sağlamlığınıza təhlükə olmasın!

30.12.2020

Bayram süfrəsi bol kalorili qidalardan ibarətdir və bayramlarda qidalanma rejimi tamamilə pozulur. Bu qidalar həddindən artıq kalorili olması ilə yanaşı, həm də artıq çəki verən qidalar hesab olunur. İnsanlar kalorili qidaları qəbul etdikdə, bütün bu qidaların enerjiyə çevrilməsini nəzərə almırlar.
Bayram müddəti ərzində rejimsiz qidalanma maddələr mübadiləsinin pozulması və artıq çəkiyə səbəb olur.
Bu kimi problemlərdən sağlam insanlarla yanaşı, əsasən şəkərli diabet, yüksək qan təzyiqindən əziyyət çəkən xəstələr daha çox təsirlənirlər. Bayramı bayram əhval-ruhiyyəsində, sağlam keçirmək, bayramdan sonra problemlərlə qarşılaşmamaq üçün yemək miqdarını mütləq şəkildə nəzarətdə saxlamaq lazımdır.
Bunun ən yaxşı yollarından biri günə bir stəkan su ilə başlamaqdır.
Və gün ərzində meyvə-tərəvəz qəbuluna da diqqət olunmalıdır.
İnsanların çəki artımın səbəblərindən birinin qidanı düzgün çeynəməməsidir. Mədəni çeynənilməmiş qidalarla yükləmək düzgün deyil.
Ətli, yağlı, isti yeməklərdən dərhal sonra şirniyyatları yemək olmaz. Bu problemlərin artmasına səbəb olur.
Çayın şirniyyatla birlikdə qəbulu da düzgün hesab olunmur.
Bu müddət ərzində ən böyük problemlərdən biri də şirniyyatlarla yanaşı, normadan artıq çay istehlak olunmasıdır. Çayı şirniyyatdan 15-20 dəqiqə, hətta yarım saat sonra istehlak etmək daha düzgündür. Çay qidalar eyni zamanda qəbul edildikdə, çəkinin artmasına, mədəaltı vəzinin funksiyasının pozulmasına səbəb olur. Çayları mümkün qədər bitki tərkibli çaylarla əvəz etmək lazımdır.
Gün ərzində çəki və yaşa görə maye -xüsusilə su qəbul olunmalıdır. Əks halda gələcəkdə, qastrit, mədə-bağırsaq florasının pozulması, şəkərli diabet və sair xəstəliklərlə qarşılamaq ehtimalı artır.
İdmanla məşğul olmaq mütləqdir.
Bayram vaxtı və bayramdan sonra qidalanma rejimi ilə yanaşı, fiziki aktivliyə də diqqət etmək lazımdır. Evdə də olsaq, saatlarla oturaq qalmaq olmaz. Hərəkətsiz qalmaq qan dövranın pozulmasına səbəb olur. Buna görə ev şəraitində gündəlik olaraq fiziki aktiv olmaq və ən azı 15-20 dəqiqə idmana vaxt ayırmaq lazımdır.

Məhsəti Hüseynova,
Sağlam qidalanma üzrə mütəxəssis


sağlam qida karantin Məhsəti Hüseynova yaşam koçu Qida Təhlükəsizliyi Hərəkatı