Gələcəyin əti - böcək

12 iyun 2019

Qida çatışmazlığını aradan qaldırmaq üçün tətbiq ediləcək üsullardan biri də menyumuza həşəratları daxil etməkdir. Bu gün ağız büzdüyümüz həşərat yeyən ölkələrə vaxtı gəldikdə biz də qoşulacağıq. Həşəratların qida kimi təklifinin bir səbəbi də odur ki, bir sıra ölkələrdə, o cümlədən Qərb ölkələrində ətin qiymətinin qalxması ilə onun sıravi insanların qida rasionundakı yerinin azalacağı gözlənilir. Buna görə də onu əvəz etmək üçün həşəratlar bir variant kimi nəzərdə tutulur. Əvəzləyici kimi məhz həşəratların seçilməsinə səbəb onların proteinlə zənginliyinə görə ətə yaxın hesab olunmasıdır.

Yeyilə bilən 1700 həşərat növü bilinir. Onların yetişdirilməsi mal-qaranın yetişdirilməsi ilə müqayisədə daha ucuz başa gəlir. Həşəratlardan qida kimi istifadə dedikdə, onların tək bütöv vəziyyətdə deyil, əsasən emal olunmuş halda insanların qida rasionuna daxil edilməsi nəzərdə tutulur. Məsələn, həşəratdan hazırlanan sendviçlər, sosiskalar, kolbasalar və s. ətdən hazırlananlardan görünüşcə demək olar ki, fərqlənməyəcəklər. Şəkildəki ipəkqurdundan hazırlanmış yeməkdir. Həşərat (əsasən çəyirtkə) istehsalı ilə məşğul olan "Tiny Farms" adlı ABŞ şirkəti bildirib ki, Mark Zukerberqin bacısı Ariel Zukerberq onlara maliyyə dəstəyi göstərir. ABŞ, Britaniya, Çin, Tayland və digər ölkələrdə həşərat (böcək) fermaları fəaliyyət göstərir. GMO ilə müqayisə etsək, bunun daha təbii üsul olduğunu demək olar. Ancaq düşünsək ki, böcəklərin də broyler toyuqları, tərəvəz kimi daha böyük olmaları üçün müxtəlif vasitələrdən istifadə olunacaq...

Bugünkü menyumuz əvvəlkindən fərqləndiyi kimi, gələcəyinki də bugünkündən fərqlənəcək. Düşüncə, həyat tərzimiz belə zamanla dəyişir. Dəyişikliklərə səbəb zəmanə göstərilir, ancaq əvvəl insan dəyişir, ardınca da zəmanəni dəyişdirir. Bu proses qarşısıalınmazdır.

Böyük şirkətlər xərcləri azaltmaq üçün daim yollar axtarırlar. Bu axtarışların tapıntıları, artıq yediyimizin əslində nə olduğunu bilməməyimizə gətirib. Qidaların süniləşdirilməsinə hər dəfə səbəb olaraq qida çatışmazlığı təhlükəsi göstərilir. Qida çatışmazlığına qarşı bu cür mübarizə üsulları sağlamlıq çatışmazlığına aparır. Belə getsə, ömür boyu əcaib tərkibə salınan qidalarla bəslənmiş bədəni torpağın mikroorqanizmləri çürüdə bilməyəcək.

İnsan özünü ali varlıq adlandırıb, mövcud olan hər şeyin sırf onun rahatlığı üçün var olduğunu iddia edib təbiət üzərində hökm edir, onun hər şeyindən qəddarcasına yararlanır. Halbuki, təbiət insandan əvvəl var olub və ona ehtiyacı olmayıb. İnsanın var ola bilməsi isə təbiətdən asılıdır. İnsanın ixtiraları belə təbiətdə gördüklərindən yaranır. Əsrlər boyu insan təbiətin məhsullarını, canlılarını öz istəklərinə qurban verib. Bununla da yetinməyən insan, təbiətin verdiklərinin saxtalarını istehsal etməyə başlayıb. Parçadan hazırladığı geyimlər az gəlib, heyvanların kürklərinə göz dikib. Heyvanların kürkləri ilə də gözü doymayıb, insan dərisindən geyimlər hazırlayıb. Necə ki, kimlərsə təbiətin, heyvanların ona xidmət üçün mövcud olduğuna inanır və HƏR istəyinə uyğun istifadə edir, eləcə də böyük şirkətlər üçün özlərindən aşağıdakı insanlar onları sağlamlıqları bahasına belə olsa, pulla, yaxşı şəraitlə təmin etmək üçün yaşayırlar. Belə şirkətlərin etdiklərini biz də öz gücümüz çatan canlılara edirik.

İnsanın bitməyən istəkləri, hədəfləri, sərhədsiz fantaziyaları bizə daha fərqli gələcək vəd edir. Bütün bunların yuxarı həddinin nəyə səbəb olacağını ömrü yetənlər görəcək.   


körpə hazır qida qida təhlükəsizliyi sağlam qida düzgün qidalanma böcək gələcək gmo