Genetik modifikasiya olunmuş insanlar - GMH

12 iyun 2019

Canlı orqanizm genomunu rekombinant DNT texnologiyası metodları vasitəsi ilə dəyişdirən genetik mühəndislik bu üsulla həmin orqanizmdəki xüsusiyyətləri inkişaf etdirə, yaxud tamamilə yeni canlı əldə edə bilir.

CRİSPR - Cas9 üsulu ilə heyvanlar üzərində aparılan uğurlu təcrübə nəticələri alimlərin insan genetikası üzərində də hakimiyyət əldə edəcəyinə inam yaradır. Göbələklərin genlərini dəyişərək ömürlərini on qat uzatmağı bacarmış ingilis mütəxəssisləri bunu əsas götürərək insanın da geninə müdaxilə etməklə 800 il yaşada biləcəklərinə inanırlar. Bu mövzuyla bağlı alimlər arasında fikir ayrılığı var. Bəziləri insanın ən çox 120 il yaşaya biləcəyi fikrini müdafiə edirlər. Qocalmanın qarşısını ala biləcək, ömrü on qat uzadacaq üsullar üzərində tədqiqatlarını davam etdirən mütəxəssislərin bu yolda qazandıqları kiçik uğurlardan kütlə, dərinin qırışmasını - qocalmasını qismən gecikdirən kremlərdən, salonlarda kosmetik prosedurlardan istifadə etməklə yararlanır. Ancaq mütəxəssislərin hədəfi daha ciddi nəticələrə nail olmaqdır.

Ömrü uzada bilmək üçün qocalmadan başqa xəstəliklərin də qarşısını ala bilmək lazımdır. Alimlər insan genomunun xəritəsini çəkə biliblər və bununla bizi xəstəliklər qarşısında aciz qoyan minlərlə gen kəşf ediblər. 2013-cü ildən istifadə olunan CRİSPR üsulu, bakteriyaların özlərini viruslardan qorumaq üçün istifadə etdikləri özünümüdafiə mexanizmindən ilhamlanaraq yaradılıb. Bu üsulla Çin alimləri beta talessemiyanı yaradan geni DNT-dən çıxararaq yerinə sağlam gen qoya bildilər. Bu, genetikası dəyişdirilmiş insan embrionu yaratma yolunda atılmış ilk ciddi addımdır. İnsan geninin dəyişdirilməsi Avropada qadağan olunsa da, tədqiqatlar davam edir. Çin alimləri tərəfindən geni dəyişdirilmiş 86 insan embrionundan 71-i yaşadı, onlardan 54-ü üzərində testlər aparıldı. Ancaq çox azında köçürülmüş sağlam geni aşkar etmək mümkün oldu.

Meymun və siçanlar üzərində aparılan testlərin müsbət nəticələri gələcəkdə genetik xəstəliklərin müalicə oluna bilməsi ilə bağlı ümid vəd edir. Bu təcrübələrin meymunlarda 20-30% nəticə verməsi, üsulun hələ ki, insan üzərində tətbiqə keçəcək qədər inkişaf etmədiyini göstərir. Buna baxmayaraq, Çin alimlərinin ölümcül beta talessemiyaya səbəb olan genləri dəyişdirə bilmələri, insan genetikasının dəyişdirilməsində heyvanlar və bitkilərdə olduğu kimi uğurlu üsulun tapılma ehtimalının çox da uzaqda olmadığını göstərir.

1990-cı illərin sonunda qadınla bağlı sonsuzluğun müalicəsi üçün ABŞ tədqiqat qrupu bir qadının sağlam yumurtasının bir hissəsini digər qadının problemli yumurtasına köçürdülər və nəticədə üç valideynli genetikası dəyişdirilmiş insan yaratdılar. Bu üsul qadağan olunsa da, başqa ölkələrdə də tətbiq olundu və 2016-cı ildə İngiltərə genetik modifikasiya olunmuş uşaqların hazırlanmasına icazə verdi. Genetikanın dəyişdirilməsi nəticəsində "super heyvanlar, bitkilər" əldə edildiyi kimi, daha yaxşı genlər əlavə etmək, xəstəlik daşıyan genləri çıxarmaqla İQ-ü daha yüksək, orqanizmi sağlam, gur saçlı, əzələsi yaxşı inkişaf etmiş, kökəlməyən, bacarıqlı, inkişaf etmiş metabolizmalı insan yaratmaq mümkündür. Bu gün sonsuzluq problemi olan ailələrə tətbiq olunan üsullardan biri də məhz süni yolla uşağın yaradılmasıdır ki, bu vaxt onun genetikasından bəzi xəstəliklər təmizlənə bilir, arzuya görə ekiz edilir, cinsinə qərar verilir. Uşağın cinsiylə bağlı qəti istəyi olan ailələr də PGT üsulu ilə istədikləri cinsdə uşaq əldə edə bilirlər.

CRİSPR üsulu ilə xərçəng, HİV kimi xəstəliklərin sadəcə bir neçə iynə vurmaqla sağaldılması yolunda təcrübələrədən uğurlu nəticələr əldə edilir. Bu gün ölümcül olan xəstəliklərin yaxın gələcəkdə asanlıqla müalicə olunmasına ümid böyükdür. Hətta bir çox mənbədə bunun çoxdan baş verdiyi, ancaq kütlədən gizli saxlanıldığı deyilir.

Bir gün ərzində ölən insanların təqribən üçdə ikisi qocalıqdan ölür. Alimlər meyvələrin çürümələrinin səbəbini tapıb aradan qaldıra bildilər (GMO). İndi növbə insanındır. Tədqiqatlarla insanın qocalmasına səbəbin orqanizmin işləməsi yox, qocalmanı yaradan genlərin olmasını aşkarlayıblar və buna qarşı mübarizə yolları üzərində çalışırlar. Alimlər bu məsələdə də təbiətdəki nümunələrdən inam, ilham alaraq irəliləyirlər. Qırmızı xərçəng, bədəni kirpiklərlə örtülü yastı qurd planari, ölümsüz meduza qocalmayan canlılardır. Təbiətdə belə canlıların olması gələcəkdə onlardan istifadə etməklə insanda qocalmanın qarşının alına biləcəyi deməkdir. Bu ölümsüzlüyə aparmayacaq, ancaq həyatın bir hissəsinin qocalıqla mübarizədə keçməsinin qarşısını alacaq. Toxumaları ölməmiş şəxsi dirildə biləcəyini iddia edən cryonics üsulu da ölümsüzlüyün açarı deyil. Parçalanmış bədəni diriltməkdə bu üsul tamamilə acizdir.

Müasir elm, nəsli minlərlə il əvvəl kəsilmiş mamontları, xərçəngdiş pələngi, tısbağa növünü, armodillonu, 70 il əvvəl nəsli kəsilmiş Tasmaniya canavarını "diriltməyi", başqa planetlərdə yaşaya biləcək xüsusiyyətlərə malik insan yaratmağı hədəfləyir.

Bir çoxları genetik mühəndisliyin kəşflərini qeyri-etik görə bilər, ancaq artıq bu elm sahəsi həyatımızın reallığıdır və taybatay açılmış bu qapını bağlamaq mümkün deyil. Nə qədər etikadan kənar baxılsa da, bu günün insanı özü də bilmədən onun nailiyyətlərindən yararlanır - doğulmazdan əvvəl götürülən analizlərlə uşaqda ola biləcək, yaxud artıq mövcud olan xəstəliklər aşkarlanır və ciddi problem olduqda hamiləlik yarıda saxlanılır.

Genetik mühəndisliyin ölümsüzlük əldə etmə yolundakı təcrübələri hələ ki, sadəcə onu gecikdirməyə yarayır. Yaşamağın necə arzulanan olduğunu nəzərə alsaq, bu belə ciddi nəticədir.

Gen mühəndisliyinin əldə etdiyi nəticələrin bir hissəsi insanlığa həyati təhlükə, digər hissəsi isə əlavə ömür gətirir. Bütün dünya əhalisinin ömrünün uzadılacağını düşünmək yəqin ki, düzgün olmazdı. Bu xeyirdən çox zərər gətirə bilər. Alimlərin bu qədər kəşflər etməsinin ilk səbəbi maraq, öyrənmə istəyidir. Əldə edilən zərərli nəticələr dərhal kütləviləşsə də, faydalı nəticələrin kimlərə tətbiq ediləcəyi bizə məlum deyil.   


körpə hazır qida qida təhlükəsizliyi sağlam qida düzgün qidalanma GMH GMO GDO bioloji silah insanlığın məhvi hibrid