Həmrəylik göstərərək dövlətə problemin öhdəsindən gəlməyə yardımçı ola bilərik

15.04.2020

“Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hər bir vətəndaşı zərurət olmadıqca çölə çıxmamağa, evdə qalaraq bu virusa yoluxmaqdan qorunmağa, beləliklə də həm özümüzü, həm də sevdiklərimizi qorumağa səsləyirəm”

Bu gün koronavirusdan qorunmağın əsas yollarından biri sosial təcrid vəziyyətində evdə qalmaqdır. Artıq "Evdəqal" şüarı ilə bu istiqamətdə təbliğat aparılır. Diqqət çəkən məqam odur ki, ölkə başçısı da vətəndaşlara bu baxımdan tövsiyələr verilir. Belə ki, Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib ki, bu gün bütün dünyada, o cümlədən də Azərbaycanda koronavirus infeksiyasının yayılmasına yol verməməyin, xəstəliyə yoluxmamağın ən etibarlı yolu evdə qalmaqdır: "Evdə qalmaqla insanlar həm özlərini, həm də ailə üzvlərini qorumuş olur, özləri infeksiyaya yoluxmur və digərləri üçün təhlükə yaratmırlar. Vətəndaşlar özləri sosial şəbəkələr vasitəsilə evdə qalmağın mühüm əhəmiyyətini təbliğ etməli, qohumlarını, qonşularını, tanıdıqları hər bir şəxsi xüsusi karantin rejiminin tələblərinə riayət etməyə çağırmalıdırlar. Bununla hər bir şəxs bu ciddi problemin öhdəsindən gəlməyə öz töhfəsini vermiş olacaq. Hər bir şəxs məsuliyyətlə davranmalı, qəbul edilmiş qaydaları pozmamalıdır".

“Əgər, hamımız bir olaraq, bir hədəfə vursaq, evdə qalaraq qəbul olunan qərarlara əməl etsək, əminliklə deyə bilərəm ən qısa zamanda bu xəstəliyin öhdəsindən gələcəyik"

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev "Palitra"ya bildirdi ki, koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra qabaqlayıcı və məqsədyönlü tədbirlər həyata keçirilir: "Hər kəsə yaxşı məlumdur ki, bu gün dünyanı cənginə almış pandemiya olan koronavirus (COVID-19) infeksiyası ilə üz-üzəyik. Bu virusun necə sürətlə yayıldığını, canlar aldığını KİV-lərdən və sosial şəbəkələrdən izləyirik. Dövlətimizin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq koronovirusla mübarizə məqsədilə həyata keçirdiyi önləyici tədbirlər bu virusun yayılmasının qarşısının alınmasında və nəzarətdə saxlanılmasında böyük əhəmiyyətə malikdir. Belə bir durumda vətəndaş olaraq bizim üzərimizə də böyük öhdəlik və məsuliyyət düşür. Vətəndaş cəmiyyəti nümayəndəsi olaraq hər bir vətəndaşı zərurət olmadıqca çölə çıxmamağa, evdə qalaraq bu virusa yoluxmaqdan qorunmağa, beləliklə də həm özümüzü, həm də sevdiklərimizi qorumağa səsləyirəm. Yalnız bu təqdirdə biz həmrəylik sərgiləyərək həm dövlətimizə, həm də cəmiyyətimizə problemin öhdəsindən ən az itki ilə gəlməsinə yardımçı ola bilərik".
Asim Vəliyev dedi ki, bəzən vətəndaşlarımız təhlükənin real olduğunu başa düşmür və sosial şəbəkələr vasitəsilə yayılan əsassız informasiyalara inanaraq bir növ “arxayınlıq” hissinə qapılırlar: "Bəziləri infeksiyanın olmadığını iddia edir və ya deyilənlərin obyektivliyini şübhə altına almağa çalışır. Vətəndaşlarımız dərk etməlidir ki, dövlətimizin gördüyü bütün bu tədbirlərin məqsədi yoluxma hallarını məhdudlaşdıraraq, tez bir zamanda aradan qaldırmaqdır. Sevindirici haldır ki, keçdiyimiz həftə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavirusla mübarizə sahəsində “Evdə qal, cəmiyyəti qoru!” adlı maarifləndirmə kampaniyasına başladı. Biz də bu çağırışa laqeyd qalmayaraq, “Gənclərin Töhfəsi” İctimai Birliyi olaraq kampaniyaya qoşulduğumuzu, 2020-ci il qrant müsabiqəsinin qalibi olmuş layihəmizi də koronavirusla mübarizə istiqamətində maarifləndirməyə yönləndirdiyimizi bəyan etdik. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak etdi. Açılışda səsləndirdiyi bir fikri xüsusilə qeyd etmək istəyirəm. “Dövlətin gördüyü işlər, həkimlərin əməyi, birlik və həmrəylik, məsuliyyət çətin sınaqdan az itkilərlə çıxmağa, vətəndaşları qorumağa imkan verəcək”. Bəli, biz cəmiyyət olaraq birlikdə güclüyük. Birlikdən dirlik doğar. Əgər, hamımız bir olaraq, bir hədəfə vursaq, evdə qalaraq qəbul olunan qərarlara əməl etsək, əminliklə deyə bilərəm ən qısa zamanda bu xəstəliyin öhdəsindən gələcəyik".

Fuad Hüseynzadə


korona virus karantin