Hər gün istifadə edirik: ziyanını bilmədiyimiz çay barədə

24.09.2020

Sağlam qidalanma üzrə ekspert-təlimçi Məhsəti Hüseynova çayın insan orqanizminə təsirləri haqqında Teleqraf.com-a danışıb.

- Çayın faydalı və zərərli tərəfləri hansılardır?

- İlk növbədə çayın dəmlənmə üsulu və içilmə saatı önəmlidir. Çayı 10-15 dəqiqə ərzində dəmlənir. Dəmləndikdən sonra ən geci 30-40 dəqiqə ərzində içilməlidir. Çünki çay qaldıqca tərkibindəki turşular zərərli olur və öz dəyərini itirir. Ona görə də, mütləq şəkildə dəmləmədən sonrakı müddətə diqqət etmək lazımdır. Ağız boşluğu, diş minasına xeyri olsa da, dişləri saraldır.

- Çay içməyə limit varmı?

- Yaxşı olar ki, gün ərzində 3 stəkandan artıq çay içilməsin. Eyni zamanda axşam saat 5-6 arası içilməsi daha faydalıdır. Ümumiyyətlə, çayı yeməkdən 20-30 dəqiqə əvvəl içmək daha xeyirlidir. Bəzən ağır, yağlı ət yeməklərindən 40 dəqiqə, bir saat sonra çay içmək fayda gətirir. Çünki bu zaman həzm prosesi yaxşılaşır.

- Əksər mənbələrdə yaşıl çayın daha faydalı olduğu bildirilir. Qara çayla yaşıl çayın fərqi nədir?

- Çay yuxusuzluğa səbəb olur. Yaşıl çay sağlamlığa xeyirlidir. Lakin heç vaxt müalicə vasitəsi ola bilməz. Yaşıl çay mədə-bağırsaq sistemini, maddələr mübadiləsini sürətləndirdiyinə görə tez-tez sidiyə çıxma halları baş verir. Bu səbəbdən böyrək və ürək xəstələrinə, hamilə qadınlara tövsiyə edilmir. Yaşıl çay alzaymer, parkinson kimi xəstəliklərə çox faydalıdır. Eyni zamanda, ölü hüceyrələri bərpa edərək qocalma prosesini ləngidir.

- Uşaqlara neçə yaşından etibarən çay vermək olar?

- Ən azı bir yaşına qədər gözləmək lazımdır. Uşaqlara mümkün qədər açıq çay verilsə, daha məqsədəuyğundur. Çay uşaqlarda qanda dəmir nisbətini azaldır.

- Qaynadılmış çayın zərərləri varmı?

- Çayın tərkibində olan amin turşuları və digər vitaminlər qaynadıldıqda öz dəyərini itirir.Lazımi keyfiyyətini orqanizmə verə bilmədiyindən qaynadılmış çaydan hər bir halda imtina etmək yaxşı olar.

- Keyfiyyətli çayı necə ayırd edə bilərik?

- Keyfiyyətli çay dəmlənmə prosesində daha gec rəng alır və nisbətən açıq olur. Çay yüksək emal prosesindən keçir və qaynar su ilə təmas zamanı rəng verir. Bu da tərkibində kimyəvi boyaların olmasından xəbər verir. Ona görə mümkün qədər tez rəng alan çaylardan uzaq olmaq lazımdır.

- Çay süfrəsi dedikdə ağlımıza şirniyyatlar gəlir. Bu isti içkini hansı qidalarla istehlak etmək daha doğru olar?

- Çayı şirniyyatla içmək əvəzinə darçın, mixək, hil, zəncəfil, nanə,yasəmən, cökə, kəklikotu və sair kimi ədviyyatlar əlavə olunması daha faydalıdır. Şirniyyatlar çayla istehlak edildikdə orqanizmdə parçalanma prosesi getmir, həzm prosesi pozulur.Bu qaraciyərin, mədəaltı vəzin yüklənməsinə, qan təzyiqinin artmasına və artıq çəkiyə gətirib çıxarır. Səhər yeməyində su və ya bir stəkan meyvə şirəsi içmək çaydan daha faydalı təsirə malikdir.


sağlam qida çay qida təhlükəsizliyi