Koronavirus infeksiyası hava-damcı yolu ilə yoluxduğundan kütləvi yerlərdən uzaq olmaq lazımdır

15.04.2020

Məhsəti Hüseynova: “Dövlətin gördüyü işlər, həkimlərin fədakarlığı, milli birlik və həmrəylik, məsuliyyət çətin sınaqdan az itkilərlə çıxmağa imkan verəcək”

Sağlam qidalanma və düzgün həyat tərzi üzrə ekspert, yaşam koçu Məhsəti Hüseynovanın koronovirusla mübarizə ilə bağlı "Palitra"ya müsahibəsini təqdim edirik:

- Koronavirusla mübarizədə dövlətin vətəndaşlara olan diqqət və qayğısını necə qiymətləndirirsiz?

- Bu gün bəşəriyyət yeni və eyni zamanda dəhşətli virus – COVİD-19 virusu ilə mübarizədə aciz qalıb. Artıq on minlərlə ölüm qeydə alınıb. Dövlətimiz ölkəmizin bu mübarizədən uğurla və olduqca az itki ilə çıxması üçün bütün tədbirləri görür. Dövlətin zamanında xalqımızın sağlamlığının təminatı sahəsində həyata keçirdiyi ölçüyə gəlməz tədbirlər bu gün sözün əsl mənasında xalqın mühafizəsində öz müsbət rolunu oynayır. COVİD-19 təhlükəsi yarandıqdan sonra təkcə ölkəmizdə yox, onun hüdudlarından kənarda təhsil alan, işləyən, istirahət edən, ezamiyyətdə olan vətəndaşlarımızın ölkəmizə gətirilməsi işi də ən uğurlu şəkildə təşkil olundu. Xaricdən gətirilən soydaşlarımız ən yaxşı hotellərdə, istirahət mərkəzlərində yerləşdirilib, onlara ən yüksək diqqət və qayğı göstərilir.
Bu bəladan qurtulmağın əsas yolu həm də Azərbaycan xalqının həmrəyliyi, birliyi, eyni zamanda xalq və iqtidar birliyidir ki, çünki bu yolda təkbaşına heç kim uğur qazana bilməz. Məhz bu milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından bütün sınaqlardan üzüağ, şərəflə çıxmağa imkan yaradacaq.Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır. Qərarlar qəbul olunarkən həm xəstələr, həm sahibkarlar, həm də işləyən insanlar nəzərə alınır. Azərbaycan dövləti həm xəstələrə, həm də iş adamlarına sahib çıxdı. Koronavirusla Mübarizəyə Dəstək Fonduna qısa müddətdə 90 milyon manat yığılması Azərbaycan xalqının böyük xalq olduğunu, ən ağır dövrdə birləşə bildiyini bir daha sübut etdi. Dövlətin gördüyü işlər, həkimlərin fədakarlığı, milli birlik və həmrəylik, məsuliyyət çətin sınaqdan az itkilərlə çıxmağa, vətəndaşları qorumağa imkan verəcək. Bu yolda hamı bir olmalı, hamı bir hədəfə vurmalı, özünü və ətrafındakıları qorumalı, qəbul olunan qərarlara laqeyd yanaşmamalı, onları birmənalı icra etməli, məsuliyyət, iradə və əzm nümayiş etdirməlidir.

“Hər səhər bir çay qaşığı bal udmaq antibakterial təsirə malikdir. C vitamini bol olan sitrus meyvələrindən mandarin, portağal, limon, kivi həddindən artıq faydalıdır. Mövsümmi meyvələrlə yanaşı tərəvəzlər və göyərtilərə də qidalarda geniş yer ayırmaq lazımdır. Soğan, sarımsaq,cəfəri, ispanaq, keşniş, turp, kələm, brokoli çox faydalıdır. Badam, ərik və xurma da immuniteti gücləndirir. Lobya, qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və digər paxlalı və dənli bitkilər də immun sistemini gücləndirməyə kömək edir”

- Koronavirusdan qorunmaqda sağlam qidalanmağın nə kimi rolu var?

- Məlumdur ki, sağlamlığın əsas şərtlərindən biri düzgün və sağlam qidalanmadır. Əgər, orqanizm sağlam olarsa , immun sistemi güclü olarsa, bütün virus mənşəli xəstəliklərə qarşı dayanıqlı olur. Soyuq aylarda insan orqanizmində bir çox ətraf mühit amillərinin - aşağı temperatur, külək, az kalorili qida qəbulu, az hərərkətlilik və s. təsirlərdən immun sistemi zəifləyir. Təsadüfi deyil ki, xroniki xəstəliklərin kəskinləşməsi, bakterial və virus infeksiyalara yoluxmanın artması məhz bu dövrdə baş verir. Virus mənşəli infeksiyalar əsasən tənəffüs yollarının zədələnməsi ilə ortaya çıxır. Xalq arasında “zökəm”, “qrip” və s. kimi tanınan bu xəstəliklərin böyük əksəriyyətinin törədiciləri məhz bu viruslardır. Son zamanlar təşvişə səbəb olan koronavirus da belələrindəndir.
Lakin, buna baxmayaraq hər il yuxarı tənəffüs yolları virus infeksiyaları və onların səbəb olduğu fəsadlar 100 minlərlə insanın ölümünə səbəb olmaqdadır. Tənəffüs yollarının zədələnməsi ilə müşahidə olunan virus infeksiyalarının ən çox rastlanan fəsadları-faringit, laringit, bronxit, pnevmoniya, meningit və s.-dir. Adətən, bu xəstəliklər immun sistemi zəif olan insanlarda rast gəlinir. Bu kateqoriyaya yaşlılar, zəif qidalanan insanlar, davamlı stresə məruz qalanlar, ağır fiziki işdə çalışanlar və s. aiddir. Çünki bu amillər immun sistemini zəiflədir və nəticədə orqanizmə daxil olan viruslar özlərinin dağıdıcı qüvvəsini tam şəkildə göstərir.
Bütün bunlara baxmayaraq, infeksiyalardan qorunma yolları, demək olar ki, eynidir. Belə ki, əllərin antiseptiklərlə, dezinfeksiyaedicilərlə yuyulması, qoruyucu tibbi maskaların tətbiqi, sanitar normalara riayət, sosial gigiyena tələblərinə əməl etmə və ən əsası sağlam qidalanma nəticəsində bu kimi infeksiyaların yayılmasının qarşısını almaq olar.
Bildiyimiz kimi, koronavirus yoluxma qabiliyyətinə görə bənzər viruslardan çox da fərqlənmir, profilaktikası və müalicəsində daha dəyişik metodlar tələb etmir və həyati təhlükəliliyinə görə digər viruslarla eynidir, hələ bəzilərindən zəifdir də deyə bilərik. Bu səbəbdən, qeyd etdiyim təhlükəsizlik tədbirləri yetərli olmaqla bərabər, əhalinin həyəcanlanmasına lüzum yoxdur. İnfeksiyanın hava-damcı yolu ilə yoluxduğunu nəzərə alaraq, kütləvi yerlərdən uzaq olmaq lazımdır. Gündəlik həyatda birdəfəlik kağız dəsmallardan istifadə, havaya uyğun geyinmək orqanizmi soyuqdan qorumaq, düzgün qidalanmaq, orqanizmə kifayət qədər karbohidrat və zülal qəbulunu təmin etmək, xəstəlik əlamətləri - yüksək bədən hərarəti, asqırma, öskürək, halsızlıq və s. müşahidə olunan zaman cəmiyyətdən təcridlə bərabər həkim-mütəxəssisə vaxtında müraciət və s. kimi tədbirlər görmək məsləhətdir.

“İmmun sistemini zəiflədən qidalardan kolbasa, sosiska, çipsi, şirniyyat və s. kimi paketlənmiş qidalardan uzaq durmaq lazımdır”


- Siz bu sahənin mütəxəssisi olaraq əhaliyə hansı qidaları qəbul etmələrini tövsiyə edirsizniz?

- Hər səhər bir çay qaşığı bal udmaq antibakterial təsirə malikdir. C vitamini bol olan sitrus meyvələrindən mandarin, portağal, limon, kivi həddindən artıq faydalıdır. Mövsümmi meyvələrlə yanaşı tərəvəzlər və göyərtilərə də qidalarda geniş yer ayırmaq lazımdır. Soğan, sarımsaq,cəfəri, ispanaq, keşniş, turp, kələm, brokoli çox faydalıdır. Badam, ərik və xurma da immuniteti gücləndirir. Lobya, qarabaşaq, darı, yulaf, qəhvəyi düyü və digər paxlalı və dənli bitkilər də immun sistemini gücləndirməyə kömək edir. Gün ərzində orqanizmin yaşına, çəkisinə və qəbul etdiyi qidalara görə 1.5-2 litr su və bitki çayları içmək faydalıdır. İmmun sistemini zəiflədən qidalardan kolbasa, sosiska, çipsi, şirniyyat və s. kimi paketlənmiş qidalardan uzaq durmaq lazımdır. Qidalarla yanaşı bədəni gücdən salan amillərdən biri də təmiz havada az olmaq və hərəkətsizlikdir. Hazırda epidemiya ilə əlaqədar karantin rejimində insanlar evdən çıxa bilmir. Ən azından pəncərədən də olsa gün ərzində təmiz havanı qəbul etmək mütləqdir. Eyni zamanda, ev şəraitində idman hərəkətləri etmələrini tövsiyə edirəm.

Fuad Hüseynzadə


sağlam qida koronavirus pandemiya Məhsəti Hüseynova