Sərhədi görünməyən gen mühəndisliyi

12 iyun 2019

Yaradılışı dəyişmək üçün aparılan təcrübələr, alınan nəticələr insanlığı yeni dünyaya aparır. Belə təcrübələrdə Çin, ABŞ, İsrail, İngiltərə bir-biri ilə yarışır.

ABŞ-da inkişaf etdirilib CRİSPR-Cas9 adı verilmiş yeni gen dəyişdirmə texnologiyası ilə gen hissələrinə daha rahat müdaxilə edilir. 2016-cı ildən Çin dünyanın ilk ticarət məqsədli heyvan klonlama mərkəzlərinin fəaliyyətinə şərait yaratmışdır. BoyaLife şirkətinin rəhbəri Xu Xiacho ildə 100.000 inək embrionu istehsal edəcəklərini, bazara bu yolla əldə edilmiş yarış atı, cins itləri də çıxaracaqlarını bildirib. Genə müdaxilə ilə artıq Çində daha uzun tüklü, əzələli keçi növü yaradılıb. Genetikası dəyişdirilmiş heyvan istehsalını artırmaq üçün Çin dövləti tədqiqat mərkəzlərinə böyük miqdarda maddi vəsait ayırır. CRİSPR-Cas9 texnologiyası ilə dəyişdirilmiş genetik xüsusiyyətlər qalıcı olur, həmin heyvanlardan törəyən yeni nəslə keçir.  

Gen mühəndisləri daha çox qazanc verən "super heyvanlar" yaradırlar. Avstraliyanın Adelaide Universitetinin alimləri normal donuzdan yeddi həftə əvvəl bazara çıxarıla bilən, 30% daha çox məhsuldar olan genetik modifikasiya olunmuş donuz növü əldə ediblər. Normaldan 10% tez böyüyən qoyun növü yaratmış Avstraliya Elm və Sənayə təşkilatı yunu daha tez uzanan qoyun növü də əldə edə bilib. Kolorado, Boulder, Somatogen-də insan hemoqlabini verə bilən transgen donuzlar yaradılıb. ABŞ Təsərrüfat Mərkəzində insan inkişaf hormonu köçürülmüş donuzdan daha çox ət götürməyi nəzərdə tuturdular. Nəticədə gözlənildiyi kimi normadan qat-qat çox böyüməkdən əlavə donuzda çoxlu tüklənmə, oynaqlarında kirəcləşmə, gözlərində çəplik, ayaq üstə çətinliklə dayanacaq qədər zəiflik xüsusiyyətləri də yaranmışdır. Rus alimləri keçinin genetikasına müdaxilə etməklə ana südü verən keçi növü yaratdılar.

Heyvan klonlama texnikası ilə əldə edilən heyvanlar insan orqan ticarətinin böyüməsinə kömək edir. Klonlanmış heyvanlardan insan orqanizminə uyğun, onun qəbul edəcəyi orqanlar, toxumalar əldə edilir. Siçovul embrionuna AİDS virusu daşıyan insan geni köçürməklə AİDS virusu ilə doğulan və bunu ətrafa yaya biləcək siçanlar əldə edilib. Alimlər hava yolu ilə belə yayıla bilən, orqanizmdə daha sürətlə çoxalan "super AİDS virusu" da yaradıblar.

Gen mühəndisləri qocalmanın, ölümün qarşısını almaq üçün müxtəlif təcrübələr aparırlar. Bunlardan biri dondurma üsuludur. Yunanca "soyuq" mənasını verən cryonics, insan və heyvan bədənlərinin öldükdən sonra dondurularaq çürümədən qorunmasıdır. Cyronics mərkəzi ilk dəfə ABŞ-da açılıb. 1955-ci ildə James Lovelock sıfır dərəcədə dondurduğu siçanları sonradan oyada bilmişdir. 1979-cu ildə buzla dondurma doqquz insanın toxuma və hüceyrələrinin yararsız hala düşməsinə səbəb oldu. Bu uğursuzluqdan sonra 1992-ci ildə Paul Segall adlı alim öz iti Miles üzərində yeni təcrübə apardı. Miles qanı çəkildikdən sonra dondurularaq öldürüldü və 70 dəqiqə ölü qaldıqdan sonra qanı yenidən damarına vurularaq dirildildi. Miles dirildikdən sonra əvvəlki xüsusiyyətləri və yaddaşını itirməmişdi. Bu dondurulacaq insanların da dirildikləri vaxt əvvəlki şəxsiyyətlərini qoruyacaqlarına sübut olaraq göstərilmişdir. Bəs bu gün insan necə dondurulur? Yeni ölmüş şəxsin bədəni buzla soyudulur, döş qəfəsi açılaraq bütün qanı damarlardan çəkilir, əvəzində damara donmayan kimyəvi maddə olan glycerol -50 dərəcədə vurulur. Bunun nəticəsində qısa müddətdə bədən temperaturu  -50 dərəcəyə enir. Bu prosesin xərci 28 - 150.000 dollar arası dəyişir. Məbləğ ödənilərək şirkətlə müqavilə bağlanılır, müştəriyə, ölən zaman ətrafdakıların bədəni təcili cryonics şirkətinə çatdırmaları üçün üzərində bu barədə məlumat yazılmış qolbaq, yaxud boyunbağı verilir. Ödənilən məbləğin bir hissəsi dondurma prosesinə, digər hissəsi isə müştərinin oyanacağı vaxta qədər adına faizlə yığılır. Bu gün az olsa da, gələcəkdə müştəri sayının milyonu keçəcəyi gözlənilir. Toxumaların, hüceyrələrin bu cür qorunması yolu ilə ölünün dirildilməsi artıq sübut olunub. Ancaq bütün xəstəliklərdən və ölümdən qorunma yolu tapılana kimi dondurulanlardan vaxtı gəldikdə kimlərin dirildilib dirildilməyəcəyi maraqlıdır. Buna baxmayaraq, həyata qayıtmaq üçün kiçik bir şans, ehtimal belə insana kifayətdir.

Təbiətdə qış yuxusuna gedən qurbağanın bədənində buz kristalları yaranır, ürəyi, nəfəsi, qan dövranı tamamilə dayanır, heç bir həyat əlaməti qalmır və eyni zamanda toxumaları, hüceyrələri ölmür. Vaxtı gəldikdə isə oyanıb həyatına davam edir.

Carneige Mellon Universitetinin Mobil Robot Laboratoriyasının direktoru Haris Moravec belə bir fikir bildirmişdir: "Gələcəkdə xəstəliklər, qocalma və ölümdən qaynaqlanan narahatlıqların aradan qaldırılma ehtimalının qarşısını almamaq üçün lazım olan şey sadəcə, mövcud texniki trendin liberal anlayışla inkişafa davam etməsinə imkan verməkdir". İnsanın ən zəif yeri olan yaşama istəyi üzərindən öz fəaliyyətlərinə müsbət rəy formalaşdırmağa çalışan alimlər nə qədər fayda versələr də, heç də məsum işlə məşğul olmadıqları ortadadır”.


sağlam qida süni qida qida təhlükəsizliyi gen mühəndisliyi GDO GMO GMH hibrid Monsanto