Zəncəfil koronavirusdan qoruyurmu? - Ekspertdən açıqlama

29.03.2019

Koronavirus epidemiyasının ölkəmizdə yayılması bəzi ərzaq məhsullarında süni qiymət artımına səbəb olub. Bu prosesdən ən çox təsirlənən qidalardan biri də zəncəfildir. Maraqlıdır, zəncəfilin doğurdan da koronavirusa qarşı faydaları varmı?

Mövzu ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Teleqraf.com-a danışıb.

Ekspert qiymət artımının səbəbini koronavirusla bağlı xaricdən idxalın azalmasında görür: "Zəncəfil də ölkəmizə xaricdən gətirilən məhsullardan biridir. Bəzi yerlərdə qiyməti 50 manata qədər qalxıb. Təbii ki, bu, süni qiymət artımıdır. İltihab əleyhinə, mikroböldürücü gücə malik olması da hazırkı vəziyyətlə bağlı qiymətinə təsir edir. Bununla yanaşı sarımsağın qiymətində də süni qiymət artımını müşahidə etmişdik".

Min bir dərdin dərmanından danışan ekspert bildirib ki, bu bitki zehni qüvvətləndirir: "Zəncəfil bronxların iltihabında çox faydalıdır, bəlğəmli öskürəkdə müsbət təsirləri var. Metobolizmanı sürətləndirir, həzmi asanlaşdırır. Yağ əridici effektə sahib olduğu üçün çəki verməyə kömək edir".

Zəncəfilin faydalarından danışan Məhsəti Hüseynova qədərindən artıq istifadə etdikdə zərərləri ola biləcəyindən də söz açıb: "3 yaşdan aşağı uşaqlara zəncəfildən istifadə qadağandır. Yüksək temperatur zamanı zəncəfilli çaydan istifadə hərarəti artıra bilər.

Mədə-bağırsaq xəstəlikləri, kəskin və xroniki hepatit, qaraciyər serrozu zamanı da bu bitkidən istifadə etmək tövsiyə olunmur. Öd daşı xəstəliyi zamanı spazmolitik təsiri olan zəncəfildən istifadə daşları tərpədə bilər ki, nəticədə daş öd kisəsinin kanalına düşə və tutmaya səbəb ola bilər. Babasil zamanı zəncəfilin istehlakı qan dövranını sürətləndirərək qanaxmanın artmasına səbəb ola bilər.

Yüksək təzyiqdən əziyyət çəkənlər, infarkt və insult riski yüksək olanlar da bu ədviyyatdan imtina etməlidir".

Ekspertin tövsiyə etdiyi bu resept isə zəncəfilin yuxarıda qeyd olunan faydalarından yararlanmanıza kömək olacaq: "Bir litr suya istəyə görə təzə zəncəfil, bir çay qaşığı bal və limon əlavə edib, dəmləmək lazımdır. Bu dəmləməni gün ərzində dəmləməni içdikdə orqanizmi toksinlərdən təmizləməklə yanaşı, immunitet sistemini gücləndirəcək".

Zəncəfilin faydalarından danışan ekspert koronavirus infeksiyasından qorunmaq, immunitet sistemini gücləndirmək üçün digər qidalardan da istifadəni tövsiyə edib: "Hər səhər bir çay qaşığı bal udmaq antibakterial təsirə malikdir. C vitamini bol olan sitrus meyvələrindən mandarin, portağal, limon, kivi həddindən artıq faydalıdır.

Meyvələrlə yanaşı tərəvəzlər və göyərtilərə də qidalarda geniş yer ayırmaq lazımdır. Soğan, sarımsaq, ispanaq, keşniş, turp, kələm, brokoli çox faydalıdır.

Badam, ərik və xurma da immuniteti gücləndirir".

Məhsəti Hüseynova immuniteti artıran qidalarla yanaşı, bədəni zəiflədən amillərdən də söz açıb: "Kolbasa, sosiska, çipsi kimi paketlənmiş qidalar, Mənşəyi məlum olmayan şirniyyatlar immunitet sistemini zəiflədir.

Qidalarla yanaşı bədəni gücdən salan amillərdən biri də təmiz havada az olmaq və hərəkətsizlikdir. Hazırda epidemiya ilə əlaqədar karantin rejimində insanlar evdən çıxa bilmir. Ən azından pəncərədən də olsa gün ərzində təmiz havanı qəbul etmək mütləqdir. Eyni zamanda, ev şəraitində idman hərəkətləri etmələrini tövsiyə edirəm".


saç ağarma sağlam qida yaşam koçu Məhsəti Hüseynova zəncəfil