Qidalarla Gələn Təhlükə

17 iyun 2019

İnsan ömrünün qısalması, artan xəstəliklər, eləcə də tibbə məlum olmayan, müalicəsi hələ də tapılmayan bir çox xəstəliklərin sayı, insanların təbii məhsullara müxtəlif kimyəvi qatışıqlar qatıb istehsal etməsi ilə daha da sürətləndi.

Bu gün piştaxtaları bəzəyən müxtəlif qablaşdırılmış qida məhsullarının tərkibindən heç də hamımız xəbərdar deyilik. Bu, bir növ istehlakçıların bilgisizliyindən qaynaqlanır. Həmişə nə aldığımıza və aldığımız məhsulun tərkibində nələrin olmasına fikir verməyimiz, istehsalçıları daha da məsuliyyətli olmağa məcbur edir. Bəs qidaların tərkibinə vurulan qatqı maddələrindən, qida əlavələrindən nə dərəcədə xəbərimiz var? Ümumiyyətlə, qatqı maddələri nədir, niyə istifadə edilir? Zərərləri və zərərli olanları hansılardır? Bilirikmi?

Qida sənayesi qatqı maddələrindən asılıdır

Qida əlavələri dedikdə, təbii birləşmələrdən və kimyəvi maddələrdən ibarət olan ərzaq məhsullarının istehsalı zamanı tərkibə əlavə edilən qarışıqlar nəzərdə tutulur. Bu gün sənayedə qatqı maddələrindən istifadə etməmək mümkün deyil. Lakin bu o demək deyil ki, hər şey özbaşına buraxılıb. Bütün dünyada belə bir kodeks vardır ki, qatqı maddələri qidanın bəsləyici dəyərini aşağı salmamalı, istehsal edənin səhvini gizlətməməli, qidadakı çatışmazlıqları ört-basdır etməməli və sağlamlığa ziyan vurmamalıdır. Ən əsası istehlakçını aldatmamalıdır. Qatqı maddələrdən istifadə beynəlxalq qanunlarla tənzimlənir. Qida əlavələrinin təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Komitələrinin, Avropa Birliyinə daxil olan dövlətlərin analoji komissiyalarının iclaslarında mütəmadi olaraq müzakirə edilir, dəyişdirilir və hər bir ölkədə istifadəsinə icazə verilən və qadağa qoyulan E seriyalarının (bəzi qatqı maddələrinin) cədvəli hazırlanır.

Qida qatqı maddələri nəyə görə istifadə edilir?

Qida qatqı maddələri qidalarda mikrobioloji pozulmağı önləmə və dayanıqlılığı artırma, bəsləyici dəyəri qoruma, texnoloji əməliyyatlara köməkçi olma, rəng, görünüş, dad kimi xüsusiyyətləri düzəltmə, qidanın keyfiyyətini saxlamaq kimi bir çox məqsədlərlə  istifadə edilir. Bunun həm müsbət, həm də mənfi tərəfləri üzə çıxarılmışdır.

Qidanı uzunömürlü etmək, xüsusi dad qatmaq, rəngləndirmək üçün istifadə edilən qatqı maddələrinin tarixi isə gedib eradan əvvəl üç mininci illərə çıxır. E.ə.900-cu ildə duz və odun tüstüsündən ət məhsullarını uzun müddət saxlamaq üçün, eradan əvvəl 50-ci ildə ədviyyatlardan ləzzətverici kimi istifadə edilib. Qida boyalarından günümüzdən 3500 il əvvəl Misirlilər tərəfindən rəngləndirici kimi istifadə olunub. XIX əsrdən sonra şəhərlərin sayının sürətlə artması ilə qidaların davamlılığını artırmaq üçün qatqı maddələrindən istifadə geniş vüsət aldı. Günümüzdə isə qatqı maddələri qida sənayesinin imtinaedilməz  bir parçasına çevrilmişdir.

Ən çox qatqı maddəsi yeyən ölkə

“Food Safety”- “Ərzaq təhlükəsizliyi” (Eagan Press) kitabının yazarı, qida və bəslənmə sahəsi üzrə  professor Julie Miller (the College of St. Catherine in St. Paul, Minn) qeyd edir ki: “Amerikalılar (şəhər mühitində yaşayanlar da daxil olmaqla) bir ildə təxminən çəkiləri qədər qatqı maddəsi qəbul edirlər. Bu həddindən artıq çoxdur. Ona görə də bu maddələrin nə qədər zərərli olub-olmadığını açığa çıxartmaq önəmlidir”.

Qidaya qatılan əlavə maddələri niyə təhlükəli sayırlar?

Qida əlavələrinin heç də hamısı zərərli deyil. Lakin qatqı maddələrinin sağlamlığa ziyanlı olmasını düşünməyə 3 əsas şübhəli səbəb var: Qatqı maddələrinin kimyəvi tərkibli olmaları, “E” kodu ilə qeyd edilmələri, allergik reaksiyaya səbəb olmaları. Mütəxəssislər buna da aydınlıq gətirmişlər: Kimyəvi maddə dedikdə, heç də sağlamlığa zərərli olan bir şey anlaşılmamalıdır. Kimyəvi maddələr həyatımızın bütün sahələrində istifadə edilir. İçdiyimiz su, tənəffüs etdiyimiz hava və bədənimizin də kimyəvi maddələrdən meydana gəldiyi əsrlərdir bilinən bir gerçəkdir.

Niyə “E”?

Qidaların, ərzaqların piştaxtalarda keçən ömrünü uzatmaq üçün istifadə edilən qatışıqların tamamilə zəhərli olduğunu demək yanlış olardı. Burada əsas məsələ həmin maddələrdən hansı  miqdarda istifadə edilməsi və nə qədər istehlak edilməsidir. Qatqı maddələri uzun müddət labaratoriya şəraitində təcrübədən keçirilir, daha sonra nüfuzlu təşkilatlar tərəfindən hansı miqdarda istifadə edilməsi təsdiqlənir.

Dünyada istifadə edilən qatqı maddələrinin sayı 8000-dən çoxdur. Bunlardan yalnız  350-400-ü “E” kodu ilə seriyalanmışdır. Qatqı maddələrinin beynəlxalq sistemdə “E” hərfi ilə kodlanaraq işlədilməsi bu maddələr üzərində aparılan təcrübələrin bitdiyini və təsdiqləndiyini göstərir. Həm də həmin maddələrin adları fərqli və uzun olduğundan müəyyən bir nömrə ilə seriyalanmışdır.

Önəmli olan, hansı dozada istifadə edilməsidir

E maddələrinin heç də hamısı allergik reaksiyaya səbəb olmur. Təbii çiyələk, şokalad, süd, yumurta kimi məhsullar da allergiyalara səbəb ola bilir. Burada əsas məsələ, hansı maddədən hansı qidada və hansı dozada istifadə edilməsidir. Toksikologiya elminin qabaqcıllarından olan Paraselsusun (1493- 1541) “Hər maddə toksindir, ancaq toksin ilə dərmanı bir-birindən ayıran dozadır” ifadəsi burada yerinə düşür.

Ümumdünya Səhiyyə Təşkilatı bu maddələr üzərində dəfələrlə təcrübələr aparmışdır və belə nəticəyə gəlinmişdir ki, müəyyən miqdarda qidaların tərkibinə vurulması qorxulu deyil. Bunun üçün qatqı maddələrindən hansı miqdarda istifadə edilməsi üçün xüsusi siyahı hazırlanmışdır. Siyahıda həm də istifadəsinə qadağa qoyulmuş “E” seriyaları verilmişdir. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:

Şübhəli qatışıqlar:
E125, 141, 150, 153, 171, 172, 173, 240, 241, 477, 605,
E220, 221, 222, 223, 224, 338, 339, 340, 341, 460, 461, 466, 407 (mədə və bağırsaq xəstəliyi yaradır), E200 (orqanizmdəki  B12 vitamini məhv edir), E250,251, 320, 321 (ürək xəstəlikləri, damar sərtliyi, sıxılma yaradır).

Təhlükəli  qatışıqlar:
E102, 120, E311, 312-nevroloji xəstəliklər yaradır.

Xərçəng yaradan qatışıqlar:
E102, 110, 123, 124, 131, 142, 210, 211, 213, 214, 215, 216, 217.
E211 – sodium benzoat maddəsi ketçuplarda vardır.

E123, E110 maddəsindən istifadə etmək ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya, Yaponiya və s. ölkələrdə qadağan edilmişdir. Lakin Türkiyədə rəngli şokolad və qaymaqlı biskivitlərdə istifadə edilir. Xərçəng riski yaradan ən təhlükəli qatışıq isə  E330-dur. Demək olar ki, bütün hazır qidaların tərkibində vardır.

Hazır yeməklər ölüm saçır?

Qida sənayesində fərqli məqsədlərlə bir çox qatqı maddəsi istifadə edilməkdədir. Bunların arasında orqanizm üçün zərərli olanı da var, olmayanı da. Zərərli qatqı maddələrini ən çox hazır yeməklərin tərkibinə vururlar. Vaxta qənaət etmək üçün istifadə edilən bu qidaların nə qədər təhlükəli olmasından az adamın xəbəri var. Məsələn, ofisdə, ictimai-iaşə obyektlərində işləyənlərin daha çox yediyi hazır şorbalarda duzun, eləcə də sağlamlığa zərərli kimyəvi maddələrin çox olması təzyiq, iflic və qırtlaq xərçəngi yaranma riskini artırır.

Ən çox istifadə edilən zəhərli qatışıq hansıdır?

Konkret olaraq bir qatışığın orqanizmə vurduğu ziyanı sadalayaq. Hazır ət sularının və şorbaların tərkibində MSG-monosodium glutamat adlı  dadverici qatışıqlar vardır. MSG xüsusilə kiçik yaşlı uşaqlar üçün çox zərərlidir. Bu maddənin körpə və azyaşlı uşaqların qidasında istifadəsi qadağan edilmişdir.

Orijinal dadları hiss etməyə mane olur

MSG bəhməzin mayalanmasından alınır. Bəhməzdə zərərsiz dad verən duz maddəsidir. Məhsula ətir və dad verən maddələr qidanı daha cazibəli, orijinal iyi, tamı saxlamaq və ya dad artırmaq üçün istifadə edilir. MSG – Monosodium glutamat (E621) xüsusilə uzaq şərq (Çin, Yapon) və Türk mətbəxində istifadə edilir. Bu maddədən yaranan reaksiyaya “Çin Restoranı Sindromu” deyirlər. Həddindən çox MSG qəbulu insanlarda baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. E621 insanın orijinal dadları hissetmə qavrayışına da təsir edir. Bu da E621 olmayan qidaların dadını hiss etməyi əngəlləyir. Beyini maddədən asılı edir.

Gözümüzün bir nömrəli düşməni odur

Yapon alimləri bəzi qidalarda aroma artırıcı olaraq istifadə edilən monosodium glutamat (E 621) maddəsinin göz hüceyrələrinə zərər verdiyini aşkarlayıblar. Onlar belə bir sınaq keçiriblər: siçanlara müəyyən miqdarda E621 veriblər, sonradan bu qatışığın göz hüceyrələrinə hücum etdiyini görüblər. Nəticədə siçanlarda görmə zəifliyi yaranıb. Alimlərin fikrincə E621 maddəsinin ən çox istifadə edildiyi Asiya ölkələrində “glaukom” adlı göz xəstəliyinə sıx rast gəlinir.

Qida əlavələri ən çox uşaqlara təsir edir

Kimyəvi tərkibli maddələr və qatqı maddələri xüsusilə uşaqların orqanizminə mənfi təsir göstərir. Allergiyaya meyilli uşaqlarda astma, eləcə də müxtəlif allergik xəstəliklərin yaranmasına səbəb ola bilir. Xərçəng xəstəliyi yaradır. Uşaqlara verdiyimiz hər cür qatqı maddəsi ehtiva edən qidalar gələcəkdə xərçəngin yaranması üçün mühit hazırlayır. Bundan əlavə uşaqlara yalançı süd və yalançı rezin məmə verilməməli, plastik əmziklərin istifadəsindən qaçınmalı, daha sağlam olan şüşə əmziklərdən istifadə edilməlidir.

Hiperaktivliyin əsl səbəbkarı

İngiltərədə aparılan araşdırmalara görə, qatqı maddələri bəzi uşaqlarda hiperaktivliyə səbəb olur. Alimlər araşdırıblar ki, xüsusilə meyvəli içkilərdə istifadə edilən süni rəngləndirici və süni qatqı maddələri kiçik yaşlı uşaqlara (3-9 yaş arasındakı) pis təsir edir. İngiltərədə qidalardakı standartlara nəzarət edən təşkilat yemək və içkilərdəki qatqı maddələri ilə uşaqlarda müşahidə edilən hiperaktiv davranışlar arasında xüsusi bir əlaqənin olduğunu üzə çıxarıb və bu mövzu ilə əlaqədar ailələri xəbərdarlıq edib və E kodlu qatqı maddələri olan qidalardan uzaq tutulmasını məsləhət görüb.

Diqqət!

Araşdırmaya görə, tərkibində E110, E112, E102 və E124 kimi rəngləndirici və qoruyucu qatqıların olduğu meyvəli içkilər uşaqlarda gözlə görülən davranış fərqliliklərinə gətirib çıxarır. E kodlu qatqı maddələrinə nümunə olaraq da spirtsiz içkilərdən, ketçuplara qədər bir çox qidada istifadə edilən məhsulların, rəf ömrünü iki ilə qədər uzadan E211 kodlu natrium benzoat; dondurma, şəkər və biskvitlərdə istifadə edilən E102 kodlu tartrazin; yenə şəkərlərə əlavə olunan E104 kodlu kinolin sarısı; qatıq, cem kimi qidalara qatılan E110 kodlu kimi maddələr sıralana bilər.

Rəngləndirici kimi qida əlavələrindən bəziləri astma, dəridə səpinti, hiperaktivlik və miqrene yol aça bilir. İcazə verilən rəngləndiricilər ölkədən ölkəyə dəyişə bilər. Məsələn, Norveç və İsveç qidalardakı bütün süni rəngləndiricilərin istifadəsini qadağan etmişdir.

Aroma artırıcı maddələrdən bəziləri baş gicəllənməsi, ürək bulanması yarada bilər. Dadverici maddələr xüsusilə sosislərdə, ət və ət məhsullarında istifadə edilir.

Kolbasa, sosiska kimi ət məhsullarının rəf ömürünü uzatmaq üçün qoruyucu qatqı maddəsi olaraq istifadə edilən nitrit və nitrat duzları, təbii və ya süni antioksidantlar, rəngvericilər, süni dadlandırıcılar diqqətlə istifadə edilməsi lazım olan qatqı maddələridir. Bunlar mədə və bağırsaqda xərçəngin yaranmasına səbəb ola bilər. Diyetdə bu yeməklərin mümkün olduğunca az və seyrək ya da heç istehlak edilməməsi təklif  edilir. İstehlak edildikləri zaman da nitrit və nitratların zərərli təsirini azaltmaq üçün bu qatqıları ehtiva edən qidaların C vitamini ilə zəngin təzə meyvə və tərəvəzlərlə birlikdə istehlak edilməsi məsləhətdir.

Uşaqlara nələri vermək olmaz?

Hər cür tez bazar qidalar, şəkərlər, hazır meyvə şirəsi və cemlər, kola və s. kimi boyalı qazlı içkilər, meyvə tozları, hər cür boyalı içkilər, boyalı hazır meyvəli qatıq və pudinqlər, hazır şorbalar, hazır souslar, ketçup, mayonez, hazır ədviyyat və küftə qarışıqları, hər cür çipsi, içinə qatqı maddəsi qarışdırılan hər cür yemək, kolbasa, sosiska, hazır donmuş-donmamış bütün yeməklər, qısacası bütün qablaşdırılmış hazır qida maddələrinin tərkibində qatqı maddələri mütləq vardır.

Uşaq intellektinin düşməni

Tez bazar yeməklər müxtəlif xəstəliklərə yol açmaqla yanaşı, eyni zamanda uşaqların iştahdan kəsilməsinə səbəb olur. Nəticədə uşaqda ev şəraitində hazırlanan sağlam qidaları qəbul etməmək vərdişi yaranır, bu da orqanizmin yetərincə vitamin və zülal almamasına səbəb olur.

Qidalardakı qatqı maddələri uşaqlarda epilepsiya, görmədə zəiflik, miqren, diqqət zəifliyi kimi problemlərə yol aça bilər. Aparılan  araşdırmalara görə, qidalardakı süni rəngləndiricilər beyinin funksiyasını zəiflədir, uşaqların intellekt (İQ) səviyyəsinin aşağı düşməsinə səbəb ola bilir. Nadir hallarda qida zəhərlənməsinə gətirib çıxarır. Uşaqda ishal, bulanma qusma və yüksək atəş əlamətləridir.

Azərbaycanda vəziyyət nə yerdədir?

Bütün ölkələrdə istifadəsinə icazə verilən qatqı maddələrinin siyahısı hazırlanmışdır. Siyahıda verilənlərə əməl edilməsini yoxlamaq üçün xüsusi qurumlar vardır. Bu yoxlama ancaq ölkədə təsirli bir idarə sisteminin qurulması ilə reallaşa bilər. Azad İstehlakçılar Birliyindən aldığımız məlumata görə, Azərbaycanda bu işlərə yalnız Səhiyyə Nazirliyi nəzarət edir. Ekspert Eyyub Hüseynov əhalini bu sahədə daha diqqətli olmağa, xüsusilə uşaqlara alınan hər bir qidanın tərkibindən xəbərdar olmağa çağırır. “Valideynlər, yaxşı olardı ki, uşaqları təbii, təmiz ev şəraitində hazırlanmış qidalara, şirələrə öyrəşdirsinlər. Uşaqların sağlamlığı hər şeydən önəmli olmalıdır”.


qida təhlükəsizliyi qatqı maddəsi e kodu