Vərəm haqqında 10 fakt

16 iyun 2019

Vərəm dünyada ən təhlükəli və geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Vərəm təhlükəli olsa da, onun müalicəsi mümkündür! 

1 fakt. Vərəm yoluxucudur və hava-damcı yolu ilə yayılır. Aktiv formada vərəmli xəstə müalicə olunmazsa, ildə orta hesabla 10-15 insanı yoluxdura bilər.

2 fakt. İki milyarddan çox insan və ya dünya əhalisinin 1/3-i bu xəstəliyə səbəb olan mikrobla – vərəm basili ilə yoluxub. Ehtimallara görə, bu insanların hər 10 nəfərindən biri vərəmin aktiv forması ilə xəstələnəcək. İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş insanlar üçün vərəmlə xəstələnmə riski daha böyükdür.

3 fakt. Dünya üzrə 2009-cu ildə vərəmdən ümumi hesabla 1,7 milyon insan vəfat edib, yəni bu səbəbdən bir gündə 4700-ə yaxın ölüm hadisəsi baş verib. Vərəmdən ölüm hallarının əksəriyyəti inkişafda olan ölkələrin payına düşür ki, bunun da yarıdan çoxu Asiyada baş verir.

4 fakt. Vərəm immun sistemi zəif olan İİV-ə yoluxmuş insanların əsas ölüm səbəbidir.

5 fakt. 2009-cu ildə 9,4 milyon vərəmlə yeni xəstələnmə halı baş verib ki, bunlardan 80%-i 22 ölkədə qeydə alınıb.

6 fakt. Vərəm – qlobal pandemiyadır (geniş yayılmış epidemiya). Vərəmlə xəstələnmənin yüksək göstəricisi olan 15 ölkədən 13-ü Afrikanın payına düşür. Yeni xəstələnmə hallarının 1/3-i Hindistan və Çində baş verir.

7 fakt. Çoxsaylı dərman vasitələrinə davamlı vərəmin (ÇDDV) müalicəsində bu xəstəliyə qarşı bir neçə əsas dərman vasitəsi artıq öz təsirini göstərmir, lakin vərəmin bu forması da müalicə olunandır. ÜST-nin apardığı qiymətləndirməyə görə, 2008-ci ildə ÇDDV ilə 440 000 yeni xəstələnmə halı baş verib ki, bunun da 50%-dən çoxu üç ölkədə – Hindistan, Çin və Rusiyada qeydə alınıb. ÜST-nin məlumatlarına əsasən, ÇDDV dünyanın əksər ölkələrində müşahidə olunur.

8 fakt. Genişləndirilmiş dərman çeşidlərinə davamlı vərəm (GDDV) zamanı həm əsas, həm də ehtiyat dərman vasitələrinə davamlılıq yaranır. Vərəmin bu formasının müalicəsi son dərəcə çətindir. ÜST-nin məlumatlarına əsasən, GDDV ilə xəstələnmə halları artıq 58-dən çox ölkədə təsdiq olunub.

9 fakt. 2015-ci ilədək vərəmlə mübarizədə iki məqsədə nail olmaq nəzərdə tutulmuşdu:

• Minilliyin İnkişaf Məqsədlərindən biri kimi vərəmin yayılmasının dayandırılması və 1990-cı illə müqayisədə vərəmlə qlobal xəstələnmənin azalması təməlinin qoyulması

• “Vərəmi dayandırmaq” Tərəfdaşlığının məqsədi kimi vərəmdən ölənlərin sayının 1990-cı illə müqayisədə ikiqat azaldılması

10 fakt. 1995-ci ildən başlayaraq, DOTS proqramı (Bilavasitə Nəzarət altında Qısamüddətli Müalicə) çərçivəsində 41 milyon vərəmli xəstənin uğurlu müalicəsi təmin olunub və 6 milyon insanın həyatı xilas edilib. 2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Minilliyin Qlobal planının tam maliyyələşdirilməsi və həyata keçirilməsi şəraitində 2015-ci ilədək dünyada daha 5 milyon insanın həyatının xilas edilməsi mümkün ola bilərdi.


xəstəlik vərəm