Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə...

29.08.2019

Saç kökündə saçı əmələ gətirən hüceyrələrin arasında melanin piqmenti ifraz edən melanositlər vardır ki, onlar zamanla məhv olur və artıq rəng verə bilmir. Bu proses isə saçların ağarmasına səbəb olur. Melanositlərin məhv olmasına isə bir çox amillər təsir edir. Yəni, saçların ağarmasına heç də hər zaman yaşlanma, irsi, üzüntü və ya stress  səbəb olmur. Gənclərdə də ağ saçlara rast gəlmək olur. Bəs necə olur ki, yaşlılarda rast gəlinən bu problem müasir dövrümüzdə daha çox gənclərdə də qarşımıza çıxır? Bütün bunların səbəbi nədir?

Yuxarıda qeyd etdiyimiz səbəblərdən başqa, qidalanma bu işdə böyük əhəmiyyətə malikdir. 

 Belə ki, istehlak etdiyiniz qidalar sağlamlığınıza təsir etdiyi kimi, gənc yaşda saçların ağarmasına da təsir edə bilir. Əgər həmin qidaların istehlakını azaltsanız, 50 yaşdan əvvəl saçlarınızda ağ tüklər görməyəcəksiniz.

Və saçların erkən ağarmasına səbəb olan 5 qida hansılardır?

1. Şəkər və Duz

Şəkər və şəkərli qidalar, şəkərli içkilər və digər şəkər tərkibli qidalar saçın ağarmasına səbəb olan qidalardan hesab olunur. Şəkər saçların inkişafında mühüm rolu olan E vitaminin funksiyasını ləngidir. Saç, tük və dişlərdəki zülalların həzm olunmasına mane olur. Şəkərdən çox istifadə edirsinizsə, elə indidən onun miqdarını tamamilə azaldın və şəkərə olan tələbatınızı şəkər əvəzinə təbii qidalar və meyvələrlə ödəməyə çalışın. 

Orqanizmdə maye balansını qorumaq üçün duza vacib sayılır. Lakin, həddindən artıq duz istehlakı saçın nəmliyini pozur və bu da nəticədə saçların ağarmasına səbəb olur.

2. Mononatrium qlütamat və ya digər adı ilə “Çin Duzu”
Çin duzu olaraq tanınan Mononatrium qlütamata çipslərdə, tez hazırlanan yarımfabrikat şorbalarda və makaronlarda və bir çox xoş aromalı məhsulların tərkibində var. Yeməklərin dadını, ləzzətini artıran bu maddə bir sıra ölkələrdə qanunla qadağan olsa da, istifadə olunur və yan təsirlərinin olması halları da müşahidə olunur.

Həm daima formada qalmaq, həm də saçlarınızın erkən ağarmasını istəmirsinizsə, hər bir halda süni şəkildə emal olunmuş qidalardan uzaq durmağa çalışın. 

3. Heyvan mənşəli zülalların həddindən artıq istehlakı 

Heyvan mənşəli zülalların olduğu qidalardan (ət, balıq) həddindən artıq istehlakı saç rənginin solğunlaşmasına və ağarmasına səbəb ola bilər. Bu tip qidalardan artıq istehlak etdikdə həzm prosesi çətinləşir və normadan artıq sidik turşusu əmələ gəlir ki, bu proses də saçların ağarmasına təsir edir. Ona görə istehlak etdiyiniz ətin və heyvan mənşəli zülalların miqdarına hər zaman nəzarət edin.

4. Süni rəngləndirici və dadlandırıcı maddələr olan qidalar

Süni rəngləndirici və dadlandırıcı maddələr olan qidalar çox vaxt cəlbedici görünsə də, onların zərərlərini düşünmək daha vacibdir. Ümumiyyətlə, süni maddələr əlavə olunan qidalar həm sağlamlığınıza zərər verir, həm də saçlarınızın ağarmasına səbəb olur. Süni rəngləndirilmiş şirniyyat və digər qidaları istehlak edərkən ağılınıza saçlarınızı gətirin, bu halda ondan daha asanlıqla uzaq dura bilərsiniz.

5. Ağ un 

Saf buğda ununun sağlamlıq baxımından bir çox müsbət təsirləri olduğunu bilirik, lakin bununla yanaşı ağ una ağ rəng alması üçün müxtəlif əlavə maddələr qatılır.Xüsusilə, metal - dəmir tozu əlavə edilir ki, bu da orqanizmdə normal həzm prosesini çətinləşdirir və saçın ağarmasına səbəb olur.Əgər bu qidaları çox istehlak edirsinizsə, tədricən istehlakını azaldın və qida rasionunuzdan tamamliə çıxarın.Onu da unutmayın ki, gənc orqanizm gənc olduğu üçün müəyyən maddələrə qarşı davamlı olur. Ancaq bu qidalar həddindən artıq istehlak edildikdə gənc yaşda da olsa, orqanizmə öz zərərli təsirlərini göstərir və bir çox həlli mümkün olmayan problemlərə və sağalmayan xəstəliklərə səbəb olur. Ona görə də, yuxarıda qeyd olunan süni maddələr əlavə olunan qidalardan uzaq durmaqla həm sağlamlığınızın, həm də saçlarınızın təbii rəngini qorumağa kömək edə bilərsiniz.

Sağlamlığınızın qayğısına sağlam olarkən qalın!

Məhsəti Hüseynova 
Sağlam qidalanma mütəxəssisi-ekspert, Yaşam koçu 


saçlar ağsaçlar Məhsəti Hüseynova qidalanma,